Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz nəqlini iki dəfə artırmaq niyyətindədir, Avropa İttifaqının (Aİ) üzvləri isə qazın gələcək həcmlərinin necə bölüşdürüləcəyini özləri müəyyənləşdirməlidir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biz artıq həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarımızla danışıqlar aparırıq. Bizim fikrimiz öz istehsalımızı artırmaqdır. (...) Məqsədimiz 2027-ci ilə qədər bu həcmləri (qaz təchizatı) iki dəfə artırmaqdır. Bu, bizim üçün əsas prioritetdir. Bu həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağını isə Avropa İttifaqına üzv dövlətlərin özləri müəyyənləşdirməlidir”, - deyə nazir “Euronews Bulgaria”ya müsahibəsində bildirib.
O, Azərbaycanın daha bir neçə qaz yatağından hasilata başlanması hesabına ixrac həcmlərini artırmaq imkanına malik olduğunu vurğulayıb.
M.Cabbarov əlavə edib ki, Bakı Bolqarıstanda qaz istehlakını mümkün olduğu qədər maksimum dərəcədə ödəmək üçün bütün variantları nəzərdən keçirir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstana) qaz ixracına başlayıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 11,5 milyard kubmetr həcmində proqnozlaşdırılır, 2027-ci ilə qədər isə 20 milyard kubmetrədək artacaq.*
R.Kərimov