Azərbaycan XİN başçısı Ceyhun Bayramov bazar günü 2 Cenevrədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüş zamanı delimitasiya üzrə ikitərəfli komissiyanın üçüncü iclasını əvvəlcədən razılaşdırıldığı kimi 2022-ci ilin noyabr ayında deyil, oktyabr ayında keçirməyi təklif edib.
Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan XİN-dən görüşün nəticələrini şərh edərkən məlumat verilib.
“Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub”, - XİN-dən bildirlib.
Razılığa əsasən, komissiyanın iclası Brüsseldə keçirilməlidir.
XİN başçısı Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdəaçılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.
“Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb”, - XİN-dən vurğulanır.
O, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib.
“Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub”, - Azərbayxan XİN-dən qeyd edilib. **
N.Abbasova