Bazar ertəsi Cenevrədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib.
“Görüş zamanı Bayramov Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti barədə Leuya məlumat verib. O vurğulayıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərini Ermənistan tərəfinə təqdim olunub. Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xəttlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb”, - Azərbaycan XİN məlumat verir.
Dövlət katibi Leu, öz növbəsində bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib.
“İsveçrə tərəfi neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazırdır”, - Leu qeyd edib.
Görüş zamanı, gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə