Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması barədə məlumat verib.
“Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
MN-dən bildirilir ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. **
R.Kərimov