Rəsmi Bakı Azərbaycan hərbçilərinin cinayət törətdiyi iddia edilən saxta videoların sosial şəbəkələrdə yayılması ilə bağlı hadisələrin qiymətləndirilməsinə birtərəfli yanaşmasına görə dünya ictimaiyyətinin mövqeyini pisləyib.
“Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər”, - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın bəyanatında deyilir.
O vurğulayıb ki, dünya ictimaiyyəti nə 30 il ərzində, nə də 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri qınamayıb.
“O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər? Günü bugün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər?”, - o qeyd edib.
Abdullayeva bəyan edib ki, böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb.
O qeyd edib ki, Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər. Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir. **
X.Nəsirzadə