Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ məsələsi üçün təməl olaraq qəbul edilən «Madrid prinsipləri»nin həll və qərarlarını aradan qaldıra biləcəyinə şübhə edir.
“Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bu Vardan Oskanyanın (1998-2008-ci illərdə Ermənistan XİN başçısı - İF) və onun rəhbəri olan Robert Koçaryanın (1998-2008-ci illərdə Ermənistan prezidenti - İF) müəllifliyi ilə həyata keçirilib. Ermənistan danışıqlar üçün təməl olaraq «Madrid prinsipləri»ni qəbul edən kimi, həmin andan etibarən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyıb. Bu, 2007-ci ildə baş verib”, - Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində bəyan edib.
Onun sözlərinə görə, indiyədək Ermənistan “Oskanyanın hərəkətlərinin və rəhbər olan Koçaryanın qərarlarının öhdəsindən gələ bilməyib”.
"Və bəlkə də, heç vaxt öhdəsindən gələ bilməyəcək. Indi yalnız nəticələri idarə etməyə çalışırıq. Biz bu qərarları dəyişə bilmədik və çətin ki, bu mümkün olar", - Paşinyan bildirib.
O məlumat verib ki, bölgədə möhkəm sülhün bərqərar olması yolu ilə getmək niyyətindədir.
"Mən indi sülh gündəliyi yolu ilə gedirəm və möhkəm sülh yolu ilə gedəcəyəm. Lakin öncəki hakimiyyətdən fərqli olaraq, getdiyim yolu görürəm, bu ən vacib məsələdir. Sülh gündəliyi ilə əlaqədar niyyətimdə parlament çoxluğuna, xalqımızın dəstəyinə ümid edirəm”, - Ermənistanın baş naziri vurğulayıb.
Bundan əlavə, o bildirib ki, Ermənistan və Azərbaycan «Belovejsk sazişi» əsasında biri-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıya bilər.
«8 dekabr 1991-ci il tarixli saziş əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tanınması konsepsiyasının tərəflər üçün qarşılıqlı məqbul ola biləcəyi üçün ilkin şərtlər var», - Paşinyan «hökumət saatı» çərçivəndə bildirib.
Onun sözlərinə görə, Ermənistan ətrafındakı vəziyyət «sabit gərgin» olaraq qalmaqdadır, lakin son günlərin danışıqlar prosesləri və diplomatik işləri «irəliləyiş imkanı verir». **