Hazırda Azərbaycanın enerji resurslarına Avropada böyük tələbat var. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
Həmçinin, o, Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayıb. Bununla əlaqədar, hazırda tərəflər arasında yeni strateji tərəfdaşlıq üzrə saziş üzərində iş aparıldığını qeyd edib. “Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır”, - prezident vurğulayıb.
Əliyevin sözlərinə görə, bu gün Bakı və Brüssel nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün imkanlara malikdir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri (Azərbaycandan keçən - İF) Avropa üçün də çox önəmlidir.
Prezident əlavə edib ki, Avropa İttifaqı ölkələri Azərbaycan üçün əsas ticarət tərəfdaşlarıdır. O, həmçinin son aylar ərzində Bakı ilə Bnrüssel arasında təmasların sayının çoxaldığını çox yüksək qiymətləndirib.
Onun sözlərinə görə, yaxın illərdə Azərbaycan Avropaya qaz ixracını ən azı iki dəfə artırmaq niyyətindədir. “Biz bu il Avropaya qaz ixracını təxminən 30-40% artıracağıq. Bu, böyük sərmayə tələb edir. Biz buna getməyə hazırıq və gedirik”, - Əliyev deyib.
O cümlədən, o vurğulayıb ki, dünyada indiki geosiyasi vəziyyət də Azərbaycanın resurslarına tələbatın artımına təsir edib. “Tale belə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı”, - Əliyev qeyd edib.
Azərbaycan 2020-ci il dekabrın 31-də Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstana) qaz ixracına başlayıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 11,5 milyard kubmetr həcmində proqnozlaşdırılır, 2027-ci ilə qədər isə 20 milyard kubmetrədək artacaq.*
Bundan başqa, Aİ ölkələri Azərbaycandan fəal neft alırlar. **
X.Nəsirzadə