Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Qarabağda qalan erməni silahlı birləşmələrinin çıxarılmasını tələb edir.
“Erməni silahlı birləşmələri bu günə qədər bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.
Həmçinin, o vurğulayıb ki, bu gün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır. “Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”, - Əliyev qeyd edib.
Prezident qeyd edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, Qarabağ erməniləri də o hüquqlara malik olacaqlar. “Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə