Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2027-ci ildə Azərbaycan qazının Avropaya ixrac həcmi, ən azı 18 milyard kubmetrə çatacaq.
“Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox.O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan Avropaya qaz ixracını 2021-ci illə müqayisədə 30-40% (11,5 milyard kubmetrədək - İF) artıracaq.
Əliyev qeyd edib ki, Azərbaycan yeni qaz yataqlarını istismara verir, mövcud qaz yataqlarından hasilat artırılır.
“Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər”, - o bildirib.
Əliyev əlavə edib ki, Azərbaycan Avropaya nəinki qaz və neft, eyni zamanda, elektrik enerjisi ixrac edəcək. “Buna (elektrik enerjisinin ixracına - İF) nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaq”, - Azərbaycan lideri vurğulayıb. **
A.Əzizov