Azərbaycan Xarici İşlər Nazirliyi Fransanı Azərbaycan və Ermənistanla bağlı hadisələrə və proseslərə qiymət verərkən obyektiv və neytral mövqedən çıxış etməyə çağırır.
“5 oktyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasının ermənipərəst üzvünün Azərbaycana qarşı ittiham dolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib”, - Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, ilk dəfə deyil ki, Fransa rəsmiləri tərəfindən birtərəfli və ermənipərəst mövqe nümayiş etdirilir.
Abdullayeva qeyd edib ki, Fransa XİN başçısı Ermənistan tərəfinin bu günədək törətdiyi çoxsaylı müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı heç bir çağırış etməməsi də diqqətdən yayınmır. “Təəssüf ki, son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Səbəbi bizə bəllidir, lakin yaxşı olardı ki, Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüquq prinsiplərinin keşikçisi qismində çıxış edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisi neytral, qərəzsiz və ədaləti mövqedən çıxış etsin”, - Abdullayeva deyib.
O vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə töhfə vermək səyləri fonunda “fransalı nazir Katrin Kolonnanın birtərəfli və məsuliyyətsiz bəyanatı anlaşılmazlıq doğurur”.
Abdullayeva əlavə edib ki, bir neçə gündən sonra iki il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının ikinci ildönümü olacaq. “Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik”, - o vurğulayıb. **
B.Rüstəmbəyov