Azərbaycanın azad edilmiş ərazilərində Qarabağ və Şərqi Zəngəzurda ilk turizm mərkəzi Suqovuşanda açılacaq. Bu barədə Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyev mlumat verib.
“Suqovuşanda ilk turizm mərkəzi formalaşır. Həmçinin bu mərkəzin yaradılması Naftalanda turizmin inkişafı üçün vacibdir”, - Nağıyev şənbə günü Naftalanda keçirilən “Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransda bildirib.
O qeyd edib ki, yaxın yerləşməsi səbəbindən Suqovuşana turist səfərləri həm Gəncədən, həm də Naftalan şəhərindən təşkil olunacaq.
Nağıyevin sözlərinə görə, Naftalandan Suqovuşana turist səfərlərinin təşkli bu regionda biznesin inkişafına müsbət təsir göstərəcək.
“Regionda turizmin inkişafının mühüm amili Naftalan-Talış-Suqovuşan avtomobil yolu infrastrukturunun istifadəyə verilməsi hesab olunur. Bu yol Naftalandan turistlərin Suqovuşana getməsini və qısamüddətli turizm səfərlərinin təşkilini asanlaşdıracaq”, - DTA-nın rəhbəri qeyd edib. **
X.Nəsirzadə