Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ərazilərinin minalanmasına görə Ermənistanı qınamağa çağırıb.
“Minanın partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər mina qurbanı olub (həlak olub və ya xəsarət alıb - İF ). Ermənistanın Azərbaycan ərazilərində bilərəkdən və davamlı olaraq mina basdırması qınanmalıdır!”, - Bayramov şənbə günü Twitter hesabında yazıb.
Öncə Ağdam rayon Prokurorluğu məlumat verib ki, şənbə günü Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində iki nəfərin minaya düşməsi barədə məlumat verib.
“Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib”, - məlumatda deyilir.
Bu insidentdən əvvəl məlumat verilib ki, 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 3 min 336 nəfər, o cümlədən 38 qadın və 357 uşaq həlak olub və xəsarət alıb. Onlardan 257-si - 2020-ci il müharibəsindən sonra minaya düşüb. **
R.Kərimov