Moldova Azərbaycanla ikitərəfli ticarət əlaqələrini genişləndirmək və birgə investisiya layihələri həyata keçirmək niyyətindədir. Bunu Moldovanın baş naziri Nataliya Qavrilitsa AZƏRTAC-a müsahibəsində deyib.
“Son illərdə ölkələrimiz arasında ticari mübadilə sahəsində müəyyən artım olsa da, ikitərəfli əməkdaşlığın mövcud potensialını əks etdirmir və biz ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə dəstək vermək niyyətindəyik. Daha bir mühüm istiqamət investisiya layihələrinin birgə həyata keçirilməsidir”, - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, tərəflər arasında aqrar sahədə də yaxşı əməkdaşlıq var və son dövrdə bu sahədə əlaqələr yeni istiqamətdə inkişaf edir.
“Moldovalı mütəxəssislər azərbaycanlı həmkarlarına üzümçülüyün və şərabçılığın inkişafında uğurla kömək edirlər. Biz Moldovaya mineral gübrələrin təchizatını artırmaqda maraqlıyıq”, - deyə N.Qavrilitsa qeyd edib.
Baş nazir bildirib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri ilə məzmunlu danışıqların aparılması planlaşdırılıb. Həmçinin ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası, nazirlik və idarələrdə, maraqlı biznes strukturlarının platformalarında görüşlər keçiriləcək.
“Moldova tərəfi siyasi dialoqun ən yüksək səviyyədə genişləndirilməsinə açıqdır. Əminik ki, yüksək səviyyəli təmaslar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın intensivləşdirilməsi üçün əlavə impulsdur. Əlbəttə ki, mədəniyyət, turizm və humanitar sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsinə ümid edirik”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov