Kişineu Azərbaycanın təbii qaz, neft məhsulları, elektrik enerjisi və gübrə bazarında maraqlıdır. Bunu Moldova Respublikasının baş naziri Nataliya Qavrilitsa deyib.
“Moldova enerji resurslarının alınması haqqında müqavilələr bağlamaq, enerji və kənd təsərrüfatı sektorlarında birgə layihələr həyata keçirmək istəyir. Bizim əsas vəzifəmiz Moldovanın ərzaq təhlükəsizliyini təmin etmək və enerji sektorunun dayanıqlığını artırmaqdır. Biz Azərbaycanın ticarət münasibətlərimizi intensivləşdirməyə və əlverişli şərtlərlə müqavilələr bağlamağa açıq olacağına ümid edirik”, - deyə o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
Bundan başqa, tərəflər digər əməkdaşlıq məsələlərini müzakirə edib, bu il Moldova ilə Azərbaycan arasında ikitərəfli dialoqun müsbət dinamikasını qeyd ediblər.
“Onlar iqtisadi əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb və onillik fasilədən sonra Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsini alqışlayıblar”, - deyə məlumatda bildirilir.
N.Qavrilitsa Bakıda rəsmi səfərdədir. Səfər proqramına Azərbaycanın baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər daxildir.
Bundan başqa, o, ikitərəfli biznes forumda iştirak edəcək.*