Oktyabrın 10-da ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
“Dövlət katibi Azərbaycan və Ermənistanın uzunmüddətli sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirib”, - deyə Dövlət Departamentinin məlumatında bildirilir.
Blinken oktyabrın 4-də Azərbaycanın 17 erməni hərbi əsirini Ermənistana qaytarmasını alqışlayıb və Prezident İlham Əliyevi sülh prosesini dəstəkləmək üçün addımlar atmağa davam etməyə çağırıb.
“Dövlət katibi sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, saxlanılanların qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib”, - deyə məlumatda qeyd olunur.
O, hər iki tərəfin atəşkəs rejimini qoruyub saxlamasının və davamlı sülhə aparan yeganə yol kimi danışıqlar yolu ilə əldə edilmiş razılaşmalara diqqət yetirməsinin vacibliyini vurğulayıb.*
N.Abbasova