Oktyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı olub.
“Telefon danışığı zamanı oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri və bundan irəli gələn məsələlər, habelə bölgədəki vəziyyət müzakirə edilib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Borel Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verib, Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib.
“C.Bayramov, öz növbəsində, Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırıb. Bununla yanaşı, Cenevrə görüşü zamanı sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğunu, bu və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu vurğulayıb”, – deyə məlumatda bildirilir.*
N.Abbasova