Azərbaycan Respublikasının baş naziri Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
“Görüşdə Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub”, - deyə Nazirlər Kabinetindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Öz növbəsində, Moldova baş nazirinin saytında qeyd olunur ki, Əsədov və Qavrilitsa Bakı ilə Kişineu arasında enerji, iqtisadiyyat, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.
Qavrilitsa Moldova məhsullarının tədarükünün şaxələndirilməsinin, iki ölkənin tələbat planının hazırlanmasının vacibliyini vurğulayıb.
Baş nazirlər Azərbaycan qazının Moldovaya ixracı məsələsini müzakirə ediblər. Qavrilitsa vurğulayıb ki, Kişineu Azərbaycan qazının əlverişli qiymətə ixracında, enerji sahəsində birgə layihələrdə, eləcə də Azərbaycandan neft məhsullarının rəqabətqabiliyyətli qiymətə alınmasında maraqlıdır.
“Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq, Moldovanın Azərbaycandan gübrə alması, şərabçılıq sahəsində təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıblar. Bundan başqa, Kişineu-Bakı-Kişineu birbaşa aviareysinin açılması imkanları da müzakirə edilib”, - deyə məlumatda vurğulanır.
Qavrilitsa Əsədovu Moldovaya rəsmi səfərə dəvət edib.*
R.Əhmədov