Bu gün Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Üçtərəfli təlimlərin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyənin xüsusi təyinatlı bölmələri arasında imkanların koordinasiyası və sinxronlaşdırılmasının dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, qarşılıqlı uzlaşmanın artırılması, çoxmillətli mühitdə idarəetmənin və nəzarətin təkmilləşdirilməsidir.
“Təlimlərdə iştirak edən xüsusi təyinatlı dəstələr atəş və tibbi hazırlıq, yaşayış məntəqələrində döyüş əməliyyatları və xüsusi əməliyyatların aparılması ilə bağlı təcrübələrini bölüşəcəklər”, - deyə məlumatda bildirilir.
“Qafqaz Qartalı-2022” təlimləri hər il rotasiya qaydasında keçirilir. Keçən il təlimlər Türkiyə ərazisində keçirilmişdi.*