Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycanda ÜDM-in 3,7% artacağını proqnozlaşdırır.
Bu proqnoz BVF-nin “World Economic Outlook” icmalının oktyabr sayında yer alıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, iyul ayında fond cari ildə Azərbaycanda ÜDM-in 3,8% artacağını proqnozlaşdırmışdı.
BVF 2023-cü ildə respublikada iqtisadi artımı 2,5% səviyyəsində (iyul proqnozu – artım 2,6%) proqnozlaşdırır.
2027-ci ildə ÜDM-in artım proqnozu 2,5% təşkil edir.
BVF-nin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 12,2%-dək (2021-ci ildə 6,7%) artacaq (iyul proqnozu - 12,3%), 2023-cü ildə 10,8%-dək (iyul proqnozu – 9,5%), 2027-ci ildə 4%-dək azalacaq.
BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 31,7%-i (iyul proqnozu – ÜDM-in 24,6%-i), 2023-cü ildə 31,4%-i (iyul proqnozu – ÜDM-in 21,6%-i), 2027-ci ildə 9,6%-i səviyyəsində proqnozlaşdırır.
Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,9%-dək (2021-ci ildəki 6%-dən), 2023-cü ildə isə 5,8%-dək azalacaq.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,5%, 2023-cü ildə 2,7%, orta illik inflyasiyanı isə müvafiq olaraq 12,5% və 6,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb, orta illik inflyasiya 6,7% təşkil edib.*
A.Əzizov