Bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək. Prezident İlham Əliyev belə hesab edir.
“İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulamaq istərdim. Qeyd edildiyi kimi, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, necə deyərlər, bizə kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb”, - deyə dövlət başçısı oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.
“Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək”, - deyə o qeyd edib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırır.
“Prinsipcə, bu cür planlar əvvəllər də mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirilmişdi, 9 ay ərzində 60 faiz artım – bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir”, - deyə prezident vurğulayıb.*
B.Rüstəmbəyov