Moldova Respublikasının baş naziri Nataliya Qavrilitsa oktyabrın 11-də Bakıda işgüzar dairələrin nümayəndələri ilə görüşdə Azərbaycan iş adamlarını Moldovaya sərmayə yatırmağa çağırıb.
O vurğulayıb ki, Moldova hökuməti uğurlu biznesin inkişafı və iş yerlərinin yaradılması üçün əlverişli investisiya mühitini və lazımi şəraiti təmin etməyə davam edəcək.
Baş nazir azərbaycanlı investorlara Moldovadakı azad iqtisadi zonaların, sənaye və İT-parklarının təklif etdiyi sərfəli şərtləri təhlil etməyi təklif edib.
“Təkcə mənim ölkəm Azərbaycanı güclü və etibarlı tərəfdaş kimi görmür. Bu baxışı Brüssel, eləcə də Aİ-nin əsas paytaxtları bölüşür. Moldova Respublikasını seçərkən təkcə 3 milyondan az əhalisi olan kiçik bazar olaraq deyil, həm də mənim ölkəmdən daxil olan mallara dəyər verildiyi Aİ bazarlarına çıxış nöqtəsi kimi düşünün. Biz Avropa ailəsinin tamhüquqlu üzvü olmaq üzərində fəal işlədiyimiz üçün ölkəmin təklif edə biləcəyi imkanları öyrənmək istəyən hər kəsə açığıq. Hökumət investorların təşviqinə tam sadiqdir və ümid edirəm ki, bu günlərdə müzakirə etdiyimiz bütün planlar yeni işgüzar tərəfdaşlıqlara çevriləcək”, - deyə Qavrilitsa vurğulayıb.*
R.Əhmədov