2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 4 yol layihəsinin başa çatdırılması nəzərdə tutulur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
“Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən 13 avtomobil yolunda sürətli işlər gedir. Bu il daha 4 yol layihəsinin başa çatdırılması nəzərdə tutulur.
Bunlar Bərdə-Ağdam (44.5 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut (12 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı, (22 km, 2 hərəkət zolaqlı) və Qubadlı-Eyvazlı (28.5 km, 2 hərəkət zolaqlı) avtomobil yollarıdır”, - deyə S.Məmmədov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, 2023-cü ildə daha 6 layihənin başa çatdırılması nəzərdə tutulur. Bunlar Əhmədbəyli-Füzuli-Şuşa (81.6 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın, (70.4 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut. (39.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolları və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləridir.
Daha 4 layihənin 2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Bunlar isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.9 km, 4-6 hərəkət zolaqlı), Ağdam-Füzuli (64.8 km, 4 hərəkət zolaqlı), Toğanalı-Kəlbəcər-İstisu (81.6 km, 2-4 hərəkət zolaqlı) və Kəlbəcər-Laçın (76.3 km, 2-4 hərəkət zolaqlı) avtomobil yollarıdır.*
B.Rüstəmbəyov