Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücü 2027-ci ilin sonunadək 20 milyard kubmetrə qədər genişləndiriləcək. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu “TAP AG” şirkətinin idarəedici direktoru Luka Şippati deyib.
“TAP-ın buraxılış gücünün genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq. Bütün bunlar yeni borular çəkmədən və İtaliya ərazisində yeni işlərə ehtiyac olmadan, Yunanıstan və Albaniyada yalnız yeni kompressorların quraşdırılması vasitəsi ilə mümkün olacaq”, - deyə o bildirib.
Şippati vurğulayıb ki, “TAP AG” Cənub Qaz Dəhlizinin istehsalçıları və operatorları ilə birlikdə Avropa və İtaliyaya əlavə qaz həcmləri təklif etmək üçün gücün 20 milyard kubmetrə qədər genişləndirilməsi planına sadiqdir.
O əlavə edib ki, TAP-ın genişləndirilməsi üzrə işlərə 2023-24-cü illərin qış mövsümünə hazırlıq çərçivəsində başlamaq lazımdır.
“TAP artıq İtaliyanı yeni mənbədən qazla təchiz edir və ölkənin tələbatını 14%-dən çox təmin edir. Ötən illə müqayisədə bu il TAP ilə İtaliyaya qazın nəqli 60% artıb”, - deyə idarəedici direktor vurğulayıb.
Şippati əlavə edib ki, 2022-ci ildə Azərbaycan qazının Avropaya nəqli 11 milyard kubmetr həcmində qiymətləndirilir.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb. Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
2022-ci ildə 23-24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) Azərbaycan qazı ixrac ediləcək. Azərbaycan hökuməti 2022-ci ildə Avropaya 11,5 milyard kubmetr qaz ixracının planlaşdırıldığını bildirib.*
N.Abbasova