Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Japarov qeyd edib ki, məktəbə Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib.
“Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insanı olub. Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işləyəndə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik edib. Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb”, - deyə o bildirib.
Japarov ümidvar olduğunu bildirib ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq.
O məmnunluqla vurğulayıb ki, bu il Qırğız Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər fəallaşıb və strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib.
Dövlət başçıları məktəb binasında sinif otaqları və zallarla tanış olublar. Əliyev futbol topunu imzalayaraq şagirdlərə hədiyyə edib.
Prezidentlər oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimində də iştirak ediblər.
Məktəbin ərazisi 2 min 31 kvadratmetrdir. Təhsil müəssisəsi 550 şagird yerlikdir. Məktəb binasında sinif otaqları ilə yanaşı, akt və idman zalları, yeməkxana, kitabxana, sinifdənxaric məşğələlər üçün kabinetlər yaradılıb. Məktəb ərazisində istirahət zonaları və avtodayanacaq da yaradılacaq.*
R.Əhmədov