2022-ci ilin 9 ayı ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tankerləri ilə 2,3 milyon ton yük daşınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
Hesabat dövründə ASCO-nun universal quru yük gəmiləri 807 min ton yük nəql edib. Bərə və “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 30416 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 26715 ədəd olub.
2021-ci ildə tankerlərlə 1,9 milyon ton, universal quru yük gəmiləri ilə 1,04 milyon ton, bərə və “Ro-Pax” tipli gəmilərlə 30,466 min ədəd vaqon və 30,893 min ədəd avtonəqliyyat vasitəsi daşınıb.
Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında Sərəncam imzalayıb. Bu qurumların əmlakı yeni cəmiyyətin balansına verilib.*
N.Abbasova