Rusiya Azərbaycan, Ermənistan və RF liderlərinin üçtərəfli bəyanatlarının icrasına töhfə verməyə və onların tezliklə həyata keçirilməsi üçün nə edilməli olduğunu müzakirə etməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Astanada görüşü zamanı bildirib.
“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif şayiələr və fərziyyələrlə doludur. Əlbəttə ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarını mümkün qədər tez yerinə yetirmək üçün başqa nə edə biləcəyimizi bu gün nəzərdən keçirmək vacib olardı”, - deyə Lavrov bildirib.
O qeyd edib ki, normallaşma üçün, o cümlədən nəqliyyat əlaqələrinin açılması məsələlərində artıq çox işlər görülüb, sərhədlərin delimitasiyası ilə bağlı “qeydlər” var.
“Yaxın qonşularımız və dostlarımız arasında münasibətlərin tam şəkildə normallaşması bizim maraqlarımıza tam cavab verir. Biz bu prosesə öz töhfəmizi verməyə hazırıq”, - deyə Rusiya XİN başçısı əlavə edib.
Öz növbəsində, Mirzoyan qeyd edib ki, Ermənistan mövcud olan bir çox məsələlərlə bağlı RF-nin mövqeyini eşitmək istəyir.
“Biz dövlətlərimizin liderlərinin imzaladıqları üç üçtərəfli bəyanata tam sadiqik, Azərbaycanla münasibətlərin normallaşmasına və sülhün bərqərar olmasına prezident Putinin və Rusiyanın töhfəsini qiymətləndiririk”, - deyə Ermənistan XİN başçısı əlavə edib.
“Danışıqlar intensiv rejimdə aparılır. Öz vasitəçilik səylərini, yanaşmalarını, meydançalarını təklif edən tərəflər çoxdur. Bu məsələlərlə bağlı Rusiyanın mövqeyini bilmək bizim üçün çox vacibdir, biz Rusiyanın dəstəyini hiss etmək və Ermənistan-Azərbaycan münasibətlərinin üçtərəfli razılaşmalar ruhunda normallaşdırılması istiqamətində irəliləmək istəyirik, biz buna hazırıq”, - deyə erməni nazir vurğulayıb.*