Rusiya Prezidenti Vladimir Putin cümə axşamı Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, Moskva Bakı və İrəvanın iştirakı ilə növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir.
Görüş oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutacaq.
“Biz Rusiya və Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə növbəti üçtərəfli sammitin keçirilməsini təklif edəcəyik, ümid edirik ki, çox yaxın zamanda bu sammitin keçirilmə vaxtını razılaşdıra biləcəyik”, - deyə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
O xatırladıb ki, Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına fəal şəkildə töhfə verir. “Biz hesab edirik ki, davamlı sülhə nail olmağın və regionda bütün problemlərin həllinin açarı Rusiya Prezidentinin fəal iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsindədir”, - deyə Uşakov qeyd edib.
O əlavə edib ki, üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsi üçün əsasdır, indi isə bu münasibətlərin normallaşması prosesi gedir.
“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışır, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub”, - deyə Uşakov qeyd edib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri fəal inkişaf edir, fevralda imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə onları yeni səviyyəyə çıxarır. “Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz həm ikitərəfli məsələləri müzakirə edəcək, həm də Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacağıq”, - deyə Kremlin nümayəndəsi bildirib.*