Prezident İlham Əliyev Pakistana səfər etmək niyyətində olduğunu bildirib. O, bu barədə oktyabrın 12-də Astanada Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şəriflə görüşdə deyib.
“Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib. Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində, Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Pakistanın baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.
Şahbaz Şərif keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini qeyd edib. Dövlət başçısı Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.
İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. O qeyd edib ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.
Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulanıb. Bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, ölkələrimiz arasında hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunulub və bu istiqamətdə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.*
R.Kərimov