Xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyəti artacaq. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyəti artacaq”, - deyə nazir oktyabrın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən məhdud tərkibli iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, münaqişənin bitməsi iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaradır.
C.Bayramov MDB çərçivəsində maraqlı tərəflər arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib. O, xüsusilə ölkələr arasında etimad və qarşılıqlı anlayışın möhkəmləndirilməsində ənənəvi olaraq təsirli vasitələrdən sayılan humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.*
R.Kərimov