Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) Pakistan Milli Bankının Bakı filialının lisenziyasını ləğv edib.
AMB-nin məlumatında deyilir ki, bu qərar Pakistan Milli Bankının müraciəti əsasında qəbul edilib. Pakistan Milli Bankının Bakı filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.
Mərkəzi Bank tərəfindən Pakistan Milli Bankının Bakı filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb. Belə ki, 30 sentyabr 2022-ci il tarixinə filialın likvid aktivləri (6,7 milyon manat) cəmi öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir.
“Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcək”, - deyə məlumatda qeyd olunur.
Pakistan Milli Bankının Bakı filialına lisenziya 2005-ci il iyunun 30-da verilib.
Hazırda Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən bankların sayı 25-dir.*
A.Əzizov