Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 13-də Astanada ikitərəfli əməkdaşlıq və beynəlxalq gündəliyə dair məsələləri müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, Tokayev görüşdə vurğulayıb ki, onun bu yaxınlarda Bakıya səfərinin nəticələri Qazaxıstan-Azərbaycan münasibətlərində yeni səhifə açıb.
“Danışıqlarımız məhsuldar olub və xaricdə siyasi və iqtisadi dairələrin diqqətini cəlb edib. Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz daim bu xəttə sadiq qalacağıq”, - deyə o bildirib.
Görüş zamanı liderlər qeyd ediblər ki, əldə olunmuş razılaşmaların keyfiyyətlə həyata keçirilməsi üçün hər iki ölkə hökumətlərinə lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
“Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafi miqyasda böyük rol oynayır. Bu gün gündəlikdə belə adlandırılan Orta Dəhlizin inkişafı məsələsi durur. Biz bu iş formatını davam etdirməkdə maraqlıyıq”, - deyə Tokayev bildirib.
Dövlət başçıları mədəni-humanitar sahədə uğurlu qarşılıqlı fəaliyyəti, o cümlədən Qazaxıstan və Azərbaycanın tarixi və mədəni dəyərlərinin təşviqi ilə bağlı bir sıra birgə layihələrin reallaşdırılmasını yüksək qiymətləndiriblər. “Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir”, - deyə o əlavə edib.
Öz növbəsində, Əliyev Zirvə Toplantısına dəvətə və qazax xalqının ənənəvi qonaqpərvərliyinə görə Tokayevə təşəkkür edib. “Qardaş Qazaxıstanda yenidən olmağıma çox şadam. Həmçinin keçirilmiş Zirvə Toplantısının yaxşı nəticələri münasibətilə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və Sizin ölkənizin yüksək nüfuzunun daha bir nümayişidir. Sizə, ilk növbədə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtiramınıza görə təşəkkür etmək istərdim. Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var”, - deyə Azərbaycan lideri əlavə edib.
Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.*
R.Kərimov