Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 14-də Astanada keçirilən üçtərəfli görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasının müxtəlif aspektlərini müzakirə ediblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, C.Bayramov sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinin baza prinsipləri hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunmuşdu.
XİN rəhbəri vurğulayıb ki, Bakı və İrəvan oktyabrın 6-da Praqada keçirilmiş Azərbaycan-Ermənistan-Fransa-Aİ dördtərəfli görüşünün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəlib və bu, sülh müqaviləsinin əsasını təşkil edəcək.
C.Bayramov kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğunu qeyd edib.
Nazir üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb və Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğunu bildirib.
“XİN başçısı üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.*
R.Əhmədov