Prezident İlham Əliyev bəyan edib ki, Bakı Fransa prezidenti Emmanuel Makronun yersiz və təxribat xarakterli bəyanatlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Parisin hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmür.
“Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”, - deyə prezident oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Makron Fransanın heç vaxt Ermənistanı atmayacağını bildirib. “Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyevin sözlərinə görə, Makron Rusiya Federasiyasının da ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirib. “Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, - deyə Azərbaycan lideri əlavə edib.*
A.Əzizov