Avropa İttifaqı (Aİ) oktyabrın 17-də Lüksemburqda Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasında Brüsselin iştirakını müzakirə edəcək. Bunu Aİ-nin yüksək rütbəli diplomatı deyib.
“Cənubi Qafqaz Aİ üçün əsas regiondur. Aİ regionun bütün ölkələri ilə ikitərəfli münasibətlərə malikdir. Biz eyni zamanda, regional yanaşma istəyirik. Bu münaqişəni aradan qaldırmaq lazımdır”, - deyə o bildirib.
“Bu regionda çox fəal olan ali nümayəndəmiz (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel - İF) vasitəçilik rolunu yerinə yetirir”, - deyə mənbə qeyd edib.
O xatırladıb ki, oktyabrın 6-da Ermənistanın baş naziri və Azərbaycan Prezidenti sərhədin Ermənistan tərəfinə Aİ-nin müşahidə missiyasının göndərilməsinə razılıq veriblər. Missiyanın məqsədi bu sərhədin statusunun təsbit edilməsi mümkünlüyünü qiymətləndirməkdir.
“İndi tərəflər bizə müraciət edirlər. Onlar hesab edirlər ki, biz indiyə qədər Rusiyanın oynadığı rolu oynaya bilərik. (...) Siyasi baxımdan bu məsələ ilk vaxtlarda göründüyündən daha vacibdir”, - deyə Aİ-nin diplomatı qeyd edib.
“Bu təşəbbüsdən sonra Cənubi Qafqazda təsirimizin artacağını hesab etmirik. İstədiyimiz odur ki, Cənubi Qafqazda sabitlik və demokratiya olsun. Bu, bizim üçün təsir məsələsi deyil”, - deyə mənbə vurğulayıb.*