Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Prezident İlham Əliyev bu gün müvafiq sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
Fondun nizamnamə fondu 4 milyon 157 min 866 manatdır.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Müşahidə Şurasının sədri, elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Müşahidə Şurasının üzvləri təyin olunublar.*
R.Kərimov