Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) yüksək vəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib ki, xüsusilə BVF-nin İcraçı Direktorunun müavini cənab Bo Li ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan iqtisadiyyatının cari vəziyyəti, əsas makroiqtisadi göstəricilərin dinamikası, Bakı ilə BVF arasında gələcək əməkdaşlıq müzakirə olunub.
“Görüşdə vurğulanıb ki, fiskal dayanıqlğın təmin edilməsi üçün fiskal intizamın qorunması və neft gəlirlərindən asılılığın azaldılması hökumətin diqqət mərkəzindədir və bununla bağlı BVF Bakıya hərtərəfli dəstək göstərib”, - nazirlikdən vurğulanıb.
Bundan başqa, tərəflər dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid, büdcə şəffaflığının və hesabatlılığın gücləndirilməsi islahatlarının həyata keçirilməsini müzakirə ediblər.
Bo Li dünyada iqtisadi artımın yavaşlamasını vurğulayıb. O, son illərdə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib, BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Şərifov həmçinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə görüşüb. Görüşdə Qarabağın və Şərqi Zəngəzurun bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
O cümlədən, maliyyə naziri investisiya bankları və maliyyə-investisiya şirkətlərinin nümayəndələri ilə görüşüb. **
R.Əhmədov