Azərbaycanda ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan əhaliyə 319,9 milyon manat, həmçinin 2022-ci ilin 9 ayı ərzində 147,2 milyon manat vəsait qaytarılıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat verir.
Bildirilir ki, portal istifadəyə verildiyi 2020-ci ilin may ayından etibarən 1,9 milyona yaxın istifadəçi qeydə alınıb.
““ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 771 milyon kassa çeki üzrə 319,9 milyon manat, təkcə bu ilin yanvar-sentyabr ayları ərzində isə 147,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81.2% çoxdur”, - məlumatda deyilir.
Prezident İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və iaşə obyektlərində ödənişlər zamanı ƏDV-nin bir hissəsini 30 gün ərzində geri ala bilərlər.
ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil etməlidir. Portala daxil olan müraciət çekin çap olunduğu tarixdən 14 gün sonra aktivləşir. Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank qaytarılmalı olan məbləği 10 gün müddətində istehlakçının kartına və ya bank hesabına köçürür. Beləliklə, ƏDV-nin bir hissəsinin qaytarılması prosesi portala müraciət olunduğu gündən etibarən 30 gün müddətində həyata keçiriləcək.
Geriyə ödəniş bank kartına və yaxud hesabına köçürmə yolu ilə həyata keçirilir. Əgər istehlakçı əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV-ni geri almaq üçün milli valyutada bank kartına və yaxud hesabına malik olmalıdır. Bundan başqa, əcnəbi vətəndaşlar ƏDV-nin bir hissəsinin qaytarılmasını nəzərdə tutan Tax Free sistemindən istifadə etmək imkanına malikdirsə, iki variantdan yalnız birini seçə biləcəklər.
Qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 15%-ni təşkil edir.**
A.Əzizov