Azərbaycan Xarici Işlər Nazirliyi Ermənistan tərəfindən təklif olunan sərhəddə buraxılış məntəqələrinin açılması variantlarını real hesab etmir.
“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil və dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, - Azərbaycan XİN Twitter hesabında qeyd edib.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Twitter hesabında yazıb ki, guya Bakı bir neçə ay ərzində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat birləşməsi üçün iki ölkə sərhədində üç nəzarət-keçid məntəqəsinin açılması ilə bağlı Ermənistanın təklifinə cavab verməyib.
Öncə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, oktyabrın 6-da Praqada keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyandan kommunikasiyaların açılması çərçivəsində avtomobil yolu üçün marşrut haqqında suala cavab ala bilməyib.
“Əlbəttə ki, kommunikasiyaların açılması – bu, mümkün sülh müqaviləsinin (Azərbaycanla Ermənistan arasında - İF) hissəsi deyil. Bu (kommunikasiyaların açılması - İF), mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.
“Bu, hətta gülməli də deyil. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, - Əliyev bildirib. **
A.Əzizov