2022-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 154,4 milyon manat məbləğində vəsait yönəldilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,1% artıb.
İstifadə olunmuş vəsaitin 5 milyard 993,9 milyon manatı və ya 59%-i məhsul istehsalı sahələrinə, 3 milyard 500,4 milyon manatı (34,5%-i) xidmət sahələrinə, 660,1 milyon manatı (6,5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 488,8 milyon manatını və ya 24,5%-ni xarici, 7 milyard 665,6 milyon manatını və ya 75,5%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 359,8 milyon manatı və ya 72,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
B.Rüstəmbəyov