2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 milyon 290,5 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə yüklərin 10 milyon 975,6 min tonu və ya 33%-i dəmir yolu nəqliyyatı (artım 24,4%), 17 milyon 895,6 min tonu və ya 53,7%-i avtomobil nəqliyyatı (artım 17,5%), 4 milyon 419,3 min tonu və ya 13,3%-i dəniz nəqliyyatı (artım 42,6%) ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4%-ni və ya 9 milyon 129,8 min tonunu tranzit yüklər (artım 51,1%) təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 milyon 627,4 min ton (artım 3%) olub. Bu dövrdə dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və ya 8 milyon 826,3 min tonunu (artım 5,3%) tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova