Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 64 milyard 131,8 milyon manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,9% azalıb, qeyri neft-qaz sektorunda isə 7,2% artıb.
Sənaye məhsulunun 75,8%-i mədənçıxarma sektorunda, 20,4%-i emal sektorunda, 3,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 93,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 63,1%, maşın və avadanlıqların istehsalı 49,4%, geyim istehsalı 44,7%, elektrik avadanlıqlarının istehsalı 43%, mebel istehsalı 42,8%, əczaçılıq məhsullarının istehsalı 38,1%, hazır metal məmulatlarının istehsalı 34,3%, kompüter, elektron və optik məhsulların istehsalı 23%, poliqrafiya məhsullarının istehsalı 21,7%, tikinti materiallarının istehsalı 17%, kağız və karton istehsalı 16,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,3%, qida məhsullarının istehsalı 9,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 7,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5%, kimya sənayesi məhsullarının istehsalı 5,5%, tütün məmulatlarının istehsalı 0,1% artıb, içkilərin istehsalı 5,2%, neft məhsullarının istehsalı 9,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 31,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,5% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.*
B.Rüstəmbəyov