2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $19 milyard 227 milyon 813,62 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $39 milyard 814 milyon 437,68 min (2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 1,7 dəfə) təşkil edib. Hesabat dövründə ixracın həcmi $29 milyard 521 milyon 125,65 min (artım 2 dəfə), idxalın həcmi $10 milyard 293 milyon 312 min (artım 23,4%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,83%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,68% ərzaq məhsullarının, 0,74% tütün və tütün məhsullarının, 4,61% əczaçılıq məhsullarının, 0,57% gübrələrin, 3,44% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,63% oduncaq və ondan hazırlanan məmulatların, 2% geyim və geyim aksessuarlarının, 7,07% qara metallar və onlardan hazırlanan məmulatların, 20,3% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,78% mebelin, 29,53% digər məhsulların payına düşüb.
Yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 8,477 min özəl və dövlət müəssisəsi və 36,834 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 178 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 49,36%-i), Türkiyə (9,24%), Hindistan (4,84%), İsrail (4,61%), Yunanıstan (3,66%), Böyük Britaniya (2,63%), Xorvatiya (2,33%), Çexiya (2,24%), Rusiya (2,13%) və Portuqaliya (1,85%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,56%), Türkiyə (15,78%), Çin (14,44%), Almaniya (4,42%), ABŞ (3,49%), Qazaxıstan (3,47%), İran (3,32%), Türkmənistan (2,84%), İtaliya (2,22%) və Yaponiya (2,08%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.*
X.Nəsirzadə