2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $743 milyon 966,38 min dəyərində (artım 12,8%) 55199 ədəd avtomobil nəqliyyatı vasitəsi (2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 15%) idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $595 milyon 320,08 min dəyərində (artım 5,8%) 51055 ədəd avtomobil (azalma 15,7%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $10 milyon 142,68 min dəyərində 301 ədəd elektrokar və $105 milyon 379,27 min dəyərində 8 min 999 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $73 milyon 676,52 min dəyərində (artım 14,8%) 3585 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 13%), o cümlədən $28 milyon 648,42 min dəyərində (artım 2,3 dəfə) 222 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 98,2%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $46 milyon 321,36 min dəyərində (artım 2,3 dəfə) 337 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,4 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov