2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 8 milyard 919,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 3 milyard 892,8 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 26,6 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,9%, bitkiçilik məhsullarının istehsal həcmi 3% artıb.
9 ay ərzində respublikada 411,2 min ton ət (artım 2,9%), 1 milyon 655,5 min ton süd (artım 1,7%), 1 milyard 486,5 milyon ədəd yumurta (artım 5,3%), 15,6 min ton yun (azalma 2,2%) və 341,4 ton barama (azalma 30,5%) istehsal edilib.
2022-ci il oktyabrın 1-nə ölkədə 7 milyon 928,4 min baş qoyun və keçi, 2 milyon 646,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 295,4 min baş inək və camış mövcud olub.
Yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59,2 min ton quş əti (ötən ilin yanvar-sentyabr aylarında 52,7 min ton) və 599,4 milyon ədəd yumurta (ötən ilin yanvar-sentyabr aylarında 485,2 milyon ədəd) istehsal olunub. Oktyabrın 1-nə bu müəssisələr üzrə quşların sayı 9 milyon 813 min baş olaraq, hər yumurtlayan toyuqdan orta hesabla 168 ədəd yumurta alınıb.
Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Yanvar-sentyabr aylarında kənd təsərrüfatı subyektləri tərəfindən 2 milyon 874,8 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (qarğıdalısız, azalma 6,4%), 1 milyon 21,9 min ton kartof (artım 3,8%), 1 milyon 665,5 min ton tərəvəz (artım 1,6%), 466,5 min ton bostan bitkiləri (artım 1,8%), 765,6 min ton meyvə və giləmeyvə (artım 3,4%), 182,3 min ton üzüm (artım 0,7%), 818,2 ton yaşıl çay yarpağı (azalma 19,3%), 57,7 min ton şəkər çuğunduru (azalma 50,7%), 38,8 min ton pambıq (azalma 14,1%), 26,6 min ton günəbaxan (artım 8,9%) və 2,9 min ton tütün (azalma 39%) yığılıb.
Bundan başqa, 25,6 min hektar qarğıdalı sahəsindən 173,1 min ton məhsul toplanıb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.*
X.Nəsirzadə