Ermənistan Azərbaycanla sərhəddə yaranmış vəziyyətə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) siyasi qiymət verəcəyini gözləyir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Müttəfiq dövlətlərin vəziyyətə verəcəyi siyasi qiymət bizim üçün son dərəcə vacibdir”, - deyə o, bu gün Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
Mirzoyanın sözlərinə görə, İrəvanın müraciəti əsasında respublikaya gələn KTMT missiyası apardığı monitorinqin nəticələrinə dair məruzə hazırlayıb.
“Məruzə artıq təşkilata üzv ölkələrə təqdim olunub. KTMT Şurasının iclasının nə zaman baş tutacağını hələ ki, şifahi müzakirələr əsasında anlamağa çalışırıq. Hələlik qərar yoxdur, müzakirələr var”, - deyə erməni nazir qeyd edib.*