Oktyabrın 18-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla İtaliyanın “Leonardo” şirkətinin baş vitse-prezidenti Marko Buratti arasında görüş keçirilib.
“Görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər hava gəmilərinə texniki xidmət və təmir sahəsində əməkdaşlıq, eləcə də aeronaviqasiya sahəsində perspektivli və müasir innovativ texnologiyaların tətbiqi məsələlərinə toxunublar. Danışıqlar nəticəsində Azərbaycanın aeronaviqasiya sisteminin infrastrukturunun inkişafı ilə bağlı layihələr razılaşdırılıb”, - deyə AZAL-ın məlumatında bildirilir.
Həmçinin görüş zamanı Azərbaycanın mülki aviasiya sahəsində müxtəlif istiqamətlər üzrə şirkətlər arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliyanın aviasiya sənayesi ilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğu qeyd olunub.
İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşlarıdır.*
N.Abbasova