Qubadlı rayonu ərazisində (Şərqi Zəngəzur iqtisadi rayonu) yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının ümumi həcmi 93,7 milyon kubmetr su təşkil edəcək.
Bu barədə çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevə Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq zamanı məlumat verilib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Əliyevə məlumat verilib ki, Araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan “Zabuxçay” su anbarının yaradılması daha münasib hesab edilib.
Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilib.
Ümumi sututumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olacaq.
“Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan üç Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq. **
B.Rüstəmbəyov