Energetika Nazirliyi 2022-ci ildə ölkədə elektrik enerjisinin istehsalının 2021-ci illə müqayisədə 2,5% artacağını proqnozlaşdırır.
“2021-ci ildə Azərbaycanda 27,8 milyard kVt·st elektrik enerjisi istehsal edilib. İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir. Belə ki, 2022-ci ilin sonuna 28,5 milyard kVt·st (artım 2,5% - İF), 2023-cü ildə 29,9 milyard kVt·saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq”, - deyə energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və ya 4,9% artım deməkdir.
“Elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 16,5%-ni təşkil edir”, - deyə P.Şahbazov qeyd edib.*
N.Abbasova