Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına eniş edib. Ərdoğan yeni hava limanını ziyarət etmiş ilk xarici liderdir.
Azərbaycan hökuməti 2020-ci ilin payızında erməni işğalından azad edilmiş Zəngilan rayonunu ərazisindən Zəngəzur dəhlizinin də keçəcəyi mühüm nəqliyyat-logistika mərkəzi hesab edir.
Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanda mövcud olan sayca 8-ci beynəlxalq aeroportdur.
Zəngilan Beynəlxalq Hava Limanının inşasına 2021-ci ilin yazında başlanılıb. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Sentyabrın 9-da “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi “Airbus A340-500” ilk texniki uçuşunu yerinə yetirib və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.*
R.Əhmədov