“Azər-Türk Bank” 2022-ci ilin 9 ayı ərzində aktivlərini 2,1 dəfə - 844,194 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il sentyabrın 30-na bankın kredit portfeli 303,086 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 29,8% - İF) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 126,816 milyon manat (artım 63,3%), biznes kreditləri üzrə portfel 47,435 milyon manat (artım 3,3%), əmlak ilə əməliyyatlar üzrə kreditlər 128,834 milyon manat (artım 17,1%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 783,068 milyon manata bərabərdir (artım 2,2 dəfə). Depozit portfeli 323,691 milyon manat (artım 1,6 dəfə), o cümlədən fiziki şəxslərin əmanətləri 155,757 milyon manat (artım 1,7 dəfə) təşkil edir.
“Azər-Türk Bank”ın kapitalı 61,126 milyon manata (artım 7,3%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 79 min manat təşkil edib (artım 4,2 dəfə - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.**
X.Nəsirzadə